FİLMİN BƏRPASI VƏ RƏNGLƏNMƏSİ

Ötən ilin dekabrında 1945-ci ildə çəkilən “Arşın mal alan” filminin bərpası və rənglənməsi proseslərinə start verildi. Heydər Əliyev Fondunun və AtaHoldingin rəhbərliyi bu layihənin önəmliyini nəzərə alıb ona dəstək verməyi qərarına gəldilər.

Niyə məhz “Arşın mal alan” ?

İlk səbəblərdən biri 2013-cü ildə dahi Üzeyir Hacıbəylinin son və xalq arasında ən sevilən “Arşın mal alan” operettasının yüz yaşı tamam oldu.

İkinci səbəb isə ondan ibarətdir ki, 1945-ci ildə çətin tapılan və çox baha olan rəngli kinolent xaricdən gətirildiyindən Sovetlər Birliyi yalnız Qələbə paradı üçün onu əldə edə bilmişdir.

Rejissor Rza Təhmasib rəngli plyonka əldə edib ona “Arşın mal alan”  kimi musiqili nağıl çəkməyi yalnız arzulaya bilərdi. O zamanlar bu mümkün olmayan bir iş idi.

Buna baxmayaraq ağ-qara filmi çox böyük uğur əldə etmişdir. 1945-ci ildə filmin nümayişinin ilk 45 günü ərzində ona 16 million tamaşaçı baxmışdır (filmə baxanların sayı o qədər idi ki, ondan sonra təşkilatçılar artıq baxanların sayını itirmişdirlər). Təkcə ölkədaxili prokatdan film onun çəkilşlərinə sərf olunan məbləği 1000 dəfə artıq qazanc əldə edilmişdir.  

Filmin uğurlu olduğundan üstündən 20 il keçəndən sonra artıq rəngli kinoplyonka əlçatan olanda “Arşın mal alan”-ın rəngli versiyasının çəkilməsi qərara alınmışdır. Amma bu film 1945-ci ilin uğurunu təkrarlaya bilmədi, çünki o, həm tarixi ihtimaldan uzaq idi, həm də, ən əsası, orada Rəşid Behbudov yox idi.

1945-ci ilin “Arşın mal alan” filmi Rəşid Behbudov başda olmaqla korifey  sənətkarların iştirakı ilə ərsəyə gəldi. O vaxtlar Tiflisdə yaşayan Rəşidi Bakıdakı qastrollarını bitirəndən sonra qatara yola salan digər dahi sənətkarlar Tofiq Quliyev və Niyazi kələk işlədərək onu Bakıda saxlatdırmaq üçün qəsdən dava saldılar və Rəşidi məsələni aydınlaşdırmaq üçün polis nəfərləri bölməyə apardılar.  Beləliklə rejissor Rza Təhmasibin qatara yubanan Rəşidi müziklda çəkilməyə razı salmaq imkanı yarandı.

Rəşidin Əsgər rolunda çıxış etməsi bəxtinə yazılmışdır, çünki bu rolun prototipi məhz Rəşid Behbudovun müğənni olmazdan əvvəl tacirliklə məşğul olan atası Məcid bəy Beybutalı idi. Bu obraz Uzeyir bəyin uşaqlıadan hafizəsinə o qədər həkk olunmuşdur ki, o, bu mövzuda operetta yazmaq qərarına gəldi.

Filmdə iştirak edən sənətkarlar – Azərbaycan mədəniyyətinin tarixində şedevr yaradanlardır.

1945-ci ilin “Arşın mal alan” filmi az qala məhv olub itəcəydi. Çünki 90-cı illərdə Dövlət film fondunda saxlanılan plyonka Rusiya ilə Azərbaycan sərhədləri arasında sözün əsl mənasında yoxa çıxdı. O vaxtlar hər iki ölkədə milli və mədəni dəyərlərin qorunub saxlanmasından başqa daha bir çox problemlər mövcud idi. Ona görə də Azərbaycanda çəkilən nadir sənət əsərlərindən biri olan “Arşın mal alan” filminin itməsini heç kim hiss etmədi. 

Bərpaya yararlı olan filmin əslinin axtarışına çıxanda, tozlu-torpaqlı arxivdə təsadüfən yeganə bir nüsxənin mövcudluğuna çox sevindik. Həmin lent kinoteatrlarda saysız-hesabsız istismardan yararsız vəziyyətə düşmüşdür. Filmin bərpası ilə məşğul olan Hollivud mütəxəssisləri lentin bu hala salınmasından və buna görə də qarşılarında duran işin həcmindən dəhşətə gəlmişdilər. Şükürlər olsun ki, həmin mütəxəssislər “Oskar” və “Emmi” kimi mükafatlar sahibi olan peşəkarlar idi. Və bizim AtaHolding rəhbərliyi ilə kompromissiz, yalnız ən yüksək nəticə əldə etmək istək və tələbimiz üst-üstə düşdü.

“Arşın mal alan” filminin bərpası və rənglənməsi üzərində çalışan insanların sayı 1945-ci ildə bu şedevri yaradanlardan çox oldu. Bu işin ərsəyə gəlməsində dünyanın dörd ölkəsində parallel olaraq iş gedirdi və layihənin icrası üçün Peachline əməkdaşları Yer kürəsini iki dəfə dolandılar.

Biz hər kadrın, hər bir geyimin və bəzək əşyalarının, digər atributların təsdiqini peşəkar mütəxəssislərdən alırdıq. Bu filmin hər bir ştrixi tarixə və arxiv materiallara istinadən işlənib. Demək olar ki, yoxa çıxmaq dərəcəsinə çatan kinolentin bərpası cərrahiyyə əməliyyatına bənzəyirdi. Bununla məşğul olan amerikalı peşəkarlar bizim mədəni irsimizlə çox nəcib və ehtiyyatla davranırdılar. Onların əsas şüarları – xələl yetirməmək idi. Beləliklə “Arşın mal alan” filmi həyata qaytarıldı.

Filmin orijinal səsi də  – Rəşid Behbudovun məlahətli səsi və dahi Üzeyir Hacıbəylinin ölməz musiqisi – mümkün dərəcədə bərpa olundu.

1945-ci ildə “Arşın mal alan” filminin yaradıcılarının arzuladıqlarını biz həyata keçirdik – filmi bərpa edib rəngləyərək ona yeni həyat verdik.