Çiçəkləyən badam

Xocalı faciəsinə hər il ictimaiyyət tərəfindən daha çox diqqət yetirilir. O dəhşətli gecənin qurbanları, ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin sakinlərini amansızcasına qırdığı barədə bəhs edən çoxsaylı aksiyalar, konsertlər və sərgilər keçirilir. 

Bu il Peachline şirkəti də Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan olunmuş “Xocalıya ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyasına qoşulub. Kampaniya “Xocalıya ədalət, Qarabağa azadlıq” şüarı altında keçirilir. 

Bizim üçün həmin kampaniyanın bir hissəsi olub, 25-26 fevral 1992-ci il gecəsi baş vermiş dəhşətli hadisələri əks etdirən kampaniyanın rəmzini yaratmaq böyük şərəfdir. Və bu rəmz badam ağaçının gülüdür. Badam ağacı ilk çiçək açan ağacdır. Onun çiçək açması adətən fevral ayına təsadüf edir və baharın müjdəçisi hesab olunur. Bu da qışın soyuğundan sonra yeni həyatın oyanışını təcəssüm etdirir. “Xocalıya ədalət” kampaniyasının rəmzi olan çiçək açan badam da özündə Xocalıda 1992-ci ildə baş verən bu kimi vəhşiliyin bir daha təkrar olunmamasına çağırır. Kampaniyamızın ən böyük missiyalarından biri bu dəhşətli faciə qurbanlarının xatirəsini uca tutmaq, yaxınlarını itirənlərin əzab və ağrılarını azaltmaq, sağ qalanları qorumaqdır. 

Qopmuş badam ləçəyi insan və təbiət arasında həmahəngliyi pozan, Xocalı soyqırımı zamanı törədilən insafsız və amansız vəhşilikləri təcəssüm etdirərək ədalət bərpa olunmayana qədər qəlblərinə “yaz” gəlməyən insanları yaddan çıxarmamağa çağırır.

Beşindən biri qopmuş badam ləçəyi – Azərbaycan torpaqlarının 20% -nin işğalını və onun ərazi bütövlüyünün sürətli və qeyd-şərtsiz bərpasının gərəyinin rəmzidir. Sərt qış şəraitində çiçək açan badam ağacı kimi Azərbaycan da çətin inkişaf dövrünü keçib, güclü və çiçəklənən dövlətə çevrilərək, regionda lider olmağı bacardı.

Xocalı soyqırımı qurbanlarının anım günü hər yerdə keçirilir – Nyu-York və Vaşinqtondan başlamış Avropa və Asiya ölkələrinədək.